Mayın 16-da Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşı Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyası (ŞÖBMA), Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsi (BMAM), Azərbaycan Memarlar İttifaqının (AMI) birgə təşkilatçılığı ilə keçirilən online beynəlxalq elmi-praktik konfransda iştirak etdi. Konfransı giriş sözü ilə açan ŞÖBMA-nın vitse-prezidenti, BMAM-ın həqiqi üzvü və Bakı Akademik Mərkəzinin rəhbəri, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar, professor Elbay Qasımzadə iştirakçıları salamladı. Qeyd etdi ki, bugünkü beynəlxalq tədbirdə Azərbaycanla yanaşı qardaş ölkələrdən, o cümlədən Qırğızıstan, İran, Tacikistan və Rusiyanı təmsil edən nümayəndələr iştirak edir. E.Qasımzadə öncə konfransın təşkilatçılarından olan ŞÖBMA-nın yaradılma tarixindən bəhs etdi. Qurumun 1992-ci ildə görkəmli Sovet Azərbaycanı və SSRİ xalq memarı, Sosialist əməyi qəhrəmanı adını almış yeganə memar akademik Mikayıl Hüseynovun təşəbbüsü ilə təsis edildiyini xatırlatdı. Çıxışına davam edərək natiq bildirdi ki, akademiya (ŞÖBMA) dünya memarlıq elmini yeni yaranan əsərləri, elmi tədqiqatları və həmçinin uğurları ilə zənginləşdirəcək şərq ölkələrini birləşdirən bir təşkilatdır. Sədr E. Qasımzadə bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Sonra BMAM-ın prezidenti və həqiqi üzvü, Rusiyanın xalq memarı,akademik Andrey Bokov maddi-mənəvi dəyərlərin saxlanıldığı və qorunduğu muzeylərin mədəniyyətlərin yaranmasında xüsusi rol oynadığını diqqətə çatdırdı. Andrey Bokov açıq muzeylərin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edərək, burada saxlanılan hər bir tarixi və bədii əhəmiyyət kəsb edən eksponatın mənsub olduğu xalqın tarixini, qədimliyini və milliliyini əks etdirdiyini vurğuladı. Akademik Andrey Bokov olduqca aktual mövzuya həsr olunmuş konfransın işinə uğurlar arzuladı.
Konfransda çıxış edən ŞÖBMA və BMAM-ın həqiqi üzvü, Əməkdar memar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova “Açıq səma altında muzeylər” mövzusunun memarlıq abidələri ilə zəngin olan ölkəmiz üçün çox aktual olduğunu diqqətə çatdırdı. Bildirdi ki, memarlıq abidələrinin qorunması və bərpası problemləri Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir.
Daha sonra AMEA Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, ŞÖBMA-nın həqiqi üzvü, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə rəhbərlik etdiyi institutda açıq səma altında muzeylərlə bağlı tədqiqatlar aparıldığını söylədi. Hər bir memarlıq abidəsinin açıq səma altında muzey kimi qiymətləndirilmə potensialına malik olduğunu diqqətə çatdıran alim hazırda postmodern dövrü üçün xarakterik olan muzeyləşdirmə epoxasının yaşandığını vurğuladı. Zamanın axını ilə uyğunlaşmağın aktualizm, futurizm, passeizm üsulları olduğunu deyən direktor bugünkü konfransın bunlar arasından ən doğrusunun müəyyən edilməsində xüsusi rolu olacağına ümidvar olduğunu bildirdi.
İnstitutun əməkdaşlarından “Memarlıq tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, Memarlıq elmləri doktoru, professor Rayihə Əmənzadə, “Abidələrin qorunması və bərpası problemləri” şöbəsinin müdiri, Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Rahibə Əliyeva, şöbənin elmi işçiləri Zərnaz İmanzadə, Elçin Əliyev, gənc tədqiqatçı Nigar Ramazanova və başqaları mövzu ətrafında məruzə ilə çıxış etdilər.