AMEA – Memarlıq və İncəsənət İnstitutu
  • English
  • Русский
  • Azərbaycan
 
 
 
 
 

Tarix

AZƏRBAYCAN SƏNƏTŞÜNASLIĞI MÜSTƏQİLLİK İLLƏRİNDƏ

Sənətşünaslıq Azərbaycan humanitar və ictimai elmlərin ayrılmaz tərkib hissəsidir. Hələ orta əsrlərdə ümumu fəlsəfi və estetik fikrin kontekstində yaranmağa başlamış incəsənət haqqındakı elm sahəsi XX yüzillikdə peşəkar fəaliyyət növünə çevrilir.

Ölkəmizin bütün elm sahələrinin təşəkkülü və inkişafında taleyüklü xarakteri daşıyan hadisə – 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılması olmuşdur. Bu tarix sənətşünas alimlərin həyatında da əlamətdar rol oynamışdır. Çünki Azərbaycan EA-nın ilk tərkibində Azərbaycan İncəsənəti Tarixi İnstitutu da fəaliyyətə başlamışdır. 1945-ci ildə İnstitutun təşkil olunmasının təşəbbüskarlarından biri onun ilk direktoru Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu unikal, çoxsahəli elmi-tədqiqat qurumudur. Onun əsas tədqiqat istiqaməti Azərbaycan memarlıq və incəsənətinin tarixi və nəzəriyyəsi bütün sahələrinin araşdırmaqdır. Tədqiq edilən problemlərə müvafiq olaraq İnstitutun hazırkı strukturu 9 şöbədən ibarətdir. Hər şöbə İnstitutun ümumi problemləri çərçivəsində öz istiqamətinə malikdir.

Memarlıq və İncəsənət İnstitutunun 65 illiyi               Ü. Hacıbəylinin yubileyində qədim musiqi alətlərinin ansamblı 

«Memarlıq və şəhərsalma tarixi və nəzəriyyəsi» şöbəsi Azərbaycan memarlıq və şəhərsalma tarixi və nəzəriyyəsinin əsas təmayüllərinin öyrənilməsi, Azərbaycan memarlıq abidələri toplusunun yaradılması ilə məşğul olur. Şöbənin tədqiqatçılıq istiqaməti hələ 1950-1960-cı illərdə formalaşır. Azərbaycan incəsənəti tarixi tədqiqinə peşəkar elmi yanaşma əsasları məhz memarlıqşünaslıq sahəsində təkamül tapır. Bu yanaşma M.Ə.Hüseynov, L.S. Bretanitski və Ə.V.Salamzadənin «Azərbaycan memarlıq tarixi» (1963) adlı əsərində layiqli əksini tapdı. Azərbaycan memarlıq tarixinin qədim dövründən XX əsrin əvvəllərinə kimi inkişaf mənzərəsini açıqlayan «Azərbaycan memarlıq tarixi» kitabında memarlıq tikililərinin tipologiyası müəyyənləşdirilmiş, memarlıq tarixinin elmi baxımından dövriyyələşdirilməsinin əsası qoyulmuşdur. Əsərdə Azərbaycan memarlıq abidələrinin stilistik xüsusiyyətləri aşkarlanmış, regional məktəblərinin Yaxın və Orta Şərq, Orta Asiya ölkələri memarlığının inkişaf prosesləri ilə qarşılıqlı əlaqələri təhlil olunmuşdur.

Müstəqillik illərində Azərbaycan şəhərsalma və memarlığının müxtəlif problemləri Ş.Fətullayevin «Bakının memarlıq ensiklopediyası» (1999), «Azərbaycan məscidlərinin memarlıq tipologiyası» (1996), «Abşeron memarlığı» (2004),  R.Əmənzadənin «Azərbaycan memarlığında baştağlar» (1995), «XI-XVIII əsrlər Azərbaycan monumental tikililərin kompozisiya qanunauyğunluqları» (2007), R.Salayevanın «Naxçıvan – memarlıq irsi» (2002),  R.Babaşovun «Memar Kərbəlayi Səfixan» (1995), S.Tanqudurun «Şamil Fətullayevin həyatında memarlıq» (2010) kitablarında araşdırılmışdır.

Incəsənət və mədəniyyət problemləri jurnalı

redaksiya heyətinin iclası

             Qırğızıstan, Özbəkistan və Rusiyadan olan kolleqalar Atəşgahda

«Memarlıq abidələrin qorunması və bərpa problemləri» şöbəsinin vəzifəsi Azərbaycan memarlıq abidələrinin qorunması, konservasiyası, bərpa və yenidənqurulmasının elmi əsaslarının hazırlanmasından ibarətdir. Memarlıq irsinin qorunması və ondan istifadə problemlərinə yönəltmiş elmi proqram hələ 1970-1980-ci illərin kəsişməsində formalaşmış, «Azərbaycan tarixi şəhərlərinin qorunması və rekonstruksiya məsələləri» (1979) və «İçəri Şəhər və onun reqenerasiya planının əsası» (1981) kollektiv tədqiqatların məhsulu olan əsərlərdə bəyan edilmişdir. Son iyirmi ildə memarlıq abidələri və qoruqlarının tədqiqatları R.Əliyevanın «Unikal Qala kəndi» (2007), C.Qiyasinin «Nizami dövrü memarlıq abidələri» (1991), G.Mehmandarovanın «Xınalıq» adlı kitablarında ümumiləşdirilib.

«Heraldika və dizayn» şöbəsinin planları Azərbaycan dizayn sənətinin öyrənilməsi, onun tarixi oçerklərinin yaradılması, memarlıq dizaynı, sənaye dizaynı, poliqrafiya dizaynı xüsusiyyətlərinin araşdırılmasından ibarətdir. Dizayn sahəsində tədqiqatlar nisbətən yeni və eyni zamanda olduqca perspektivli istiqamətlərdən biridir. Azərbaycan dövlət müstəqilliyi əldə olunandan sonra sürətlə inkişaf edən bu sənət növü bir tərəfdən incəsənətlə, digər tərəfdən isə texnika və sənaye ilə bağlıdır. Bu gün dizayn ölkəmizin sənaye və intellektual potensialının dünya standartları səviyyəsinə çatdırılmasının vacib vasitələrindəndir. Buna görə dizayn sahəsində tədqiqatların həm fundamental,  həm də tətbiqi əhəmiyyətə malikdir. Onların ilk nəticələri «Müasir memarlıq və dizayn» (2003) kollektiv işində, R.Əfəndizadənin «Memar Rəhim Seyfullayev» (2007), Ə.Salamzadənin «Dizayn tarixi» (1995),  «Vizual informasiya» (2003),  «Dizayn və informasiya» (2006), E.Əliyevin «Dizayn və incəsənətində vizual formanın qavranılması» (2010) adlı əsərlərində öz əksini tapmışdır. Azərbaycanda dizayn inkişafının oçerklərinin yaradılması planlaşdırılmışdır.

Özbəkistan, Qazaxıstan və Azərbaycandan olan kolleqalar                Tarixi-mədəni irsin qorunması problemləri konfransı

«Təsviri və dekorativ-tətbiqi sənətlər» şöbəsi Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətlərinin tarixi, janr və növlərinin öyrənilməsi, bölgə və etnik özünəməxsusluğu, müasir mədəniyyətdə xalq sənəti bədii ənənələrinin tədqiqi ilə məşğuldur.

Memarlıq tarixi ilə yanaşı, təsviri və dekorativ-tətbiqi sənətlərinin tədqiqatları sənətşünaslıq elmimizin ən inkişaf etmiş sahələrdəndir. Bu sahədə artıq klassik sənətşünaslıq tədqiqatlar əhəmiyyəti daşıyan əsərlər yaradılmışdır. Onların arasında N.Rzayevin «Qafqaz Albaniyasının incəsənəti» (1976), A.Qazıyevin «XIII-XVII Azərbaycan əlyazma kitabının bədii tərtibatı» (1977), K.Kərimovun «Azərbaycan miniatürləri» (1980), R.Əfəndiyevin «Daş plastikası» (1984) N.Abdullayevanın «Azərbaycan xalçaçılıq sənəti» (1971), L.Kərimovun «Azərbaycan xalçası» (1983, II və III cild) fundamental əsərləri xüsusilə nəzərə çarpır.

Hələ 1977-ci ildə İnstitutun aparıcı alimləri Ə.V.Salamzadə, K.Kərimov, R.Əfəndiyev, N.Həbibov, N.Rzayev tərəfindən hazırlanmış «Azərbaycan incəsənəti» adlı kitabında Azərbaycanın qədim dövrlərindən başlayaraq, müasirliyə qədərki plastik sənət növlərinin tarixi mənzərəsi yaradılmışdır. Təsviri və dekorativ-tətbiqi sənətlərin bütün inkişaf mərhələləri 1992-ci ildə işıq üzü görmüş eyni adlı kollektiv əsərdə qələmə verilmişdir.

Sahənin bütün janr və növləri, onun tarixi, nəzəri və metodoloji problemləri K.Kərimovun «Soltan Məhəmməd və onun məktəbi» (1993), N.Rzayevin «Azərbaycan incəsənətinin üfüqi» (1993), K.Əliyevanın «Təbriz xalça məktəbi» (1998), C.Novruzovanın «Heykəltaraş Fuad Əbdürrəhmanov» (2004), Ə.Salamzadənin «Azərbaycan sənətşünaslığı. XX əsr» (2001) və «Tofiq Rəsulov. Şəbəkə» (2009), T.Əfəndiyevin «Azərbaycan dekorativ-tətbiqi sənəti» (2003) adlı əsərlərində araşdırılmışdır.

Müstəqillik illərində Azərbaycan təsviri və dekorativ-tətbiqi sənətlər tədqiqi sahəsində nail olunmuş ən mühüm nəticələrin əksəriyyəti ölkəmizin aparıcı sənətşünas-alim, 1996-2010-cu illərdə Memarlıq və İncəsənət İnstitutunun direktoru vəzifəsində çalışmış akademik Rasim Əfəndiyevin «Azərbaycan dekorativ-tətbiqi sənəti» (1999),  «Azərbaycan incəsənəti» (2001), «Art of Azerbaijan» (2004), «Azərbaycan bəzək sənəti»(2000), «Azərbaycan incəsənəti Dünya muzeylərində» (2009) adlı kitablarında öz əksini tapmışdır.

«Musiqi tarixi və nəzəriyyəsi» şöbəsi klassik musiqi irsinin tədqiqi, Azərbaycan musiqi tarixinin yaradılması,  Azərbaycan peşəkar musiqi mədəniyyətinin öyrənilməsi üzrə fəaliyyət göstərir. Azərbaycan musiqi mədəniyyətinin öyrənilməsi böyük ənənəyə malikdir. Ü. Щaъıbяylinin «Azərbaycan xalq musiqisinin əsasları» (1945) fundamental əsərindən başlayaraq, bu ənənə aparıcı musiqişünas alimlərin diqqət mərkəzindədir. Azərbaycan musiqi mədəniyyətinin tədqiqi üzrə məhsuldar fəaliyyət son illərdə  Z.Səfərovanın «Səfiəddin Ürməvi» (1995), «Əbdülqədir Marağai» (1997), «Qədim Azərbaycan musiqi terminləri lüğəti» (1997), «Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)» (1998), «Üzeyir Hacıbəyli və onun görkəmli sələfləri» (2005), «Şərq musiqisini peyğəmbəri. Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığı» (2008),  «Üzeyir Hacıbəyli» (serb və ərəb dillərində, 2010), «Ölməzlik» (2010),      L.Kazımovanın «Azərbaycan musiqisində Füzulinin qəzəlləri» (1997), G.Vəzirovanın «Muğam operaları: janrın tarixi və müasir durumu» (2005), S.Ağayevanın  «Ruhpərvər. Bir XVII yüzil musiqi nəzəriyyəsi kitabı» (2008) əsərlərin nəşri ilə nəticələnib. Eyni zamanda Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin formalaşması və inkişafı, milli sinfonizmin və müasir musiqinin digər janrlarının yaranması təhlil obyekti olmuşdur. Hal-hazırda musiqişünaslar «Azərbaycan musiqi tarixi» üç cildliyi üzərində çalışırlar.

Ü. Hacıbəyli – 125 konfransı                                                   Bakıda, Özbək rəssamlarının sərgisində

«Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» şöbəsinin vəzifəsi Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsinin əsas istiqamətlərinin öyrənilməsi, ənənəvi musiqi janrlarının tədqiqi, şifahi musiqi folklorunun nota salınmasından ibarətdir. Şöbə iki səpkidə iş aparır: Azərbaycan musiqi folklorunun toplanması, yazılması, nəşri və milli musiqinin bütün janrlarının tədqiqi. Son iyirmi il ərzində S.Fərhadovanın «Azərbaycan mərasim musiqisi» (1991), «Azərbaycan monodiya musiqisi» (2001), Ə.Eldarovanın «Aşıq sənəti» (1996), Ə.İsazadə və N.Məmmədovun «Azərbaycan xalq mahnı və rəqslərinin melodiyaları», S.Bağırovanın «Azərbaycan muğamı. Məqalələr, məruzələr, tədqiqatlar» (2007), İ.Köçərlinin  «Aşıq sənəti musiqili poetik janrı» (2010) kitabları, N.Məmmədovun hazırladığı Azərbaycan muğamlarının yeddi toplusu milli musiqişünaslığımıza böyük pay gətirmişdir. Xüsusi qeyd etmək lazımdır ki, 2003-cü ildən etibarən Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə kollektiv əməyin bəhrəsi olan «Azərbaycan xalq musiqisinin antologiyası» oncildli fundamental əsərinin nəşri başlamışdır. Hal-hazırda  antologiyanın yeddi cildi işıq üzü görmüşdür.

«Teatr, kino və televiziya» şöbəsinin əsas istiqaməti Azərbaycan teatr sənəti tarixinin  öyrənilməsi, Azərbaycan kino və televiziya sənətinin inkişaf mərhələlərinin təhlili, kino və səhnə ustalarının yaradıcılığının tədqiqindən ibarətdir. Keçən əsrin ortalarında C.Cəfərovun Azərbaycan teatrının tarixinə aid yazdığı fundamental əsər Azərbaycan teatrşünaslığının inkişafında əhəmiyyətli rol oynamış, onun demək olar ki, təməl daşını qoymuşdur.

Görkəmli sənət ustalarının həyat və yaradıcılığının öyrənilməsi, Azərbaycan rejissorlarının yaradıcılığında milli və xarici dramaturgiyanın təcəssümü, milli teatr sənətinin əsas stilistik meyllərinin təhlili, sintetik sənət olan teatrda yaradıcıllğln müxtəlif növlərinin qarşılıqlı əlaqəsi kimi problemlər İ.Kərimovun «Azərbaycan teatrının yaranması və inkişafı» (1991), «Azərbaycan Türkiyə teatr əlaqələri» (2000), «Şuşa-Ağdam teatrı» (2001),  «Azərbaycan teatrı – 125» (2002), «Heydər Əliyev. Sənət, sənətkarlar və sənətkarlarlıq haqqında» (2005), N.Ağayevanın «Azərbaycan teatr tənqidi və teatrşünaslığının inkişaf problemləri» (1997), F.Rzayevin   «Nizami Gəncəvi və teatr» (2008)  monoqrafiyalarında öz əksini tapmışdır. Teatr sənətinin 125 illik inkişaf yolunu əks etdirən və kollektiv tədqiqatları ümumiləşdirən «Azərbaycan teatr tarixi» adlı üçcildliyin I-ci cildi (2008) nəşr olunmuşdur.

 

Xalça sərgisində ekskursiyada                                   Vatikan səfiri Memarlıq və İncəsənət institutunda

Kinoşünaslıq milli incəsənət elminin ən gənc sahəsidir. Bu sahədə aparılan  tədqiqatların nəticəsində Azərbaycan kinolentlərinin filmoqrafiyası, Azərbaycan görkəmli kinorejissorlarının yaradıcılıq portretləri yaradılıb, bədii və sənədli kinonun əsas meyləri izlənib. Kinomuzun bu problemləri R. Məmmədovun « Azərbaycan  bədii ədəbiyyatı və kino sənətinin qarşılıqlı əlaqə problemləri» (1997), «Kino və müasirlik» (2007) monoqrafiyalarında və kollektiv tədqiqatın məhsulu olan «Azərbaycan kinosu mədəniyyət kontekstində» (1995) adlı əsərdə öz əksini tapmışdır.

«İncəsənətin qarşılıqlı əlaqələri» şöbəsi  Azərbaycan incəsənətinin qonşu xalqların bədii mədəniyyəti ilə qarşılıqlı təsir və əlaqələrinin tədqiqi ilə məşğuldur. Mövzu üzərində çalışaraq, musiqi, xoreoqrafiya, teatr və digər bədii yaradıcılığının bəlli olan tip və formaları araşdırılaraq, Azərbaycan  mədəniyyətinin səciyyəvi xüsusiyyətləri açıqlanır və bu mədəniyyətin Avrasiya xalqları incəsənəti ilə müqayisəli tədqiqi aparılır. Avrasiya tipli mədəniyyətlərin sivilizasiyayönlü inteqrativ təmayüllərinə, perspektivlərinə nəzər yetirilmişdir. Nəticədə R.Məmmədovanın «Musiqi türkologiyası» (2002), S.Tağıyevanın «Türk xalqları mərasim mədəniyyəti və musiqi folkloru» (2007), Ş.Quliyevanın «Azərbaycan folklor-etnoqrafik ənənələrində təqvim-mərasim bayramları» (2008)  kitabları işıq üzü görmüşdür.

«Estetika və informasiya mədəniyyəti» şöbəsi Azərbaycan incəsənətinin estetik prinsiplərini öyrənir, informasiya cəmiyyəti şəraitində mədəniyyətin nəzəri və metodoloji problemlərini araşdırır. İncəsənətdə semantik informasiya Azərbaycan təsviri sənəti, memarlıq, dizayn, kino və kino musiqisi nümunələri materialları əsasında tədqiq olunur. Təhlil olunmuş sənət növləri informasiya sistemlərinin bədii dilinin səciyyəvi xüsusiyyətləri aşkar edilir. Informasiyanın müxtəlif işarə daşıyıcıları, o cümlədən onların audio və vizual formaları dekodlaşdılır. Bu da milli mentalitetinə xas olan dünyanın bədii mənzərəsinin müəyyən dərəcədə bərpa olunmasına imkan yaratmışdır. Yekunda Azərbaycan incəsənətində forma və üslubun bədii təfəkkürün vahid kateqoriyası olduğu barədə nəticə çıxarılır. Sözügedən problemlər R.Abdullayevanın  «İnformasiya mədəniyyətində bədii üslub problemi» (2003), T.Bayramovun «Ənənə problemi kontekstində mədəniyyətlər dialoqu və incəsənət tipologiyası» (2007) və «Bir zövq: incəsənətin virtual tipologiyası» (2009), A.Zeynalovanın  «Muzey ekspozisiyalarının estetik əsasları» (2007)  kitablarında öz əksini tapmışdır.

Bütövlükdə, altmış ildən artıq bir müddətdə Azərbaycan MEA-nın Memarlıq və İncəsənət İnstitutunun kollektivi tərəfindən Azərbaycan incəsənətinin bütün növ və janrlarının tarixini əks etdirən fundamental əsərlər yaradılıb. Hələ 1960-cı illərin ortalarında Memarlıq və İncəsənət İnstitutunun kollektivinin səyi nəticəsində milli sənətşünaslığın tarixi məktəbinin yaranma prosesi başlayır.

1990-cı illərdən etibarən AMEA Memarlıq və İncəsənət İnstitutunun və bütövlükdə Azərbaycan sənətşünaslığının keyfiyyətcə yeni inkişaf mərhələsi başlayır. Cəsarətlə demək olar ki, müstəqillik illərində sənətşünaslığın məqsəd və vəzifələri, onun öncül istiqamətləri köklü sürətdə dəyişir. Sovet dövründən fərqli olaraq, sənətşünaslıq Azərbaycan ərazisində yerləşən sənət abidələri deyil, məhz Azərbaycanlıların bədii mədəniyyəti, onların bədii təfəkkürü, xalqımıza xas olan estetik proqramları və Azərbaycan incəsənətinin təkrarolunmaz milli xüsusiyyətlərinin öyrənilməsinə istiqamətlənir. Eyni zamanda ölkə sənətşünas-alimləri diqqət mərkəzinə Azərbaycan incəsənətinin qonşu və uzaq xalqları bədii mədəniyyəti ilə qarşılıqlı əlaqələri, eləcə də sənətimizin dünya informasiya məkanına inteqrasiya olunması problemləri də daxil olur.

Türkoloji sənətşünaslıq üzrə I Beynəlxalq Problem şurasının iştirakçıları                  Avrasiya informasiya mədəniyyəti beynəlxalq                   konfransının iştirakçıları   

Azərbaycanlıların dünyagörüşünə və Azərbaycan ictimai fikrində baş vermiş dəyişikliklər ilk növbədə AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkilatı strukturunda və elmi-tədqiqat işlərinin problem, mövzu və metodologiyasında öz əksini tapır. Hələ 1990-cı illərin əvvələrində burada yeni elmi-tədqiqat şöbələri təşkil olunur. «İncəsənətin qarşılıqlı əlaqələri» (1990) və  «Estetika və  informasiya mədəniyyəti» (1994) şöbələrinin yaranması İnstitutda nəzəri və metodoloji tədqiqatların nisbi çəkisinin yüksəlməsinə, onların problem dairəsinin genişlənməsinə səbəb olmuşdur. Demək olar ki, müstəqillik illərində İnstitutun strukturunun təkmilləşdirilməsi prosesi mütəmadi xarakter daşıyır. 2005-ci ildə İnstitutun şöbələrdən birinin istiqaməti dəyişdirilir və onun bazasında «Heraldika və dizayn» şöbəsi təşkil olunur. Bu baxımdan İnstitutun tarixində 2010-cu il də əlamətdar olmuşdur. Vaxtı ilə qrup hüququnda fəaliyyət göstərmiş «Memarlıq abidələri qorunması və bərpa problemləri» tədqiqatçılıq kollektivinə şöbə statusu verilir. İlin axırında isə «Qafqaz Albaniyası incəsənəti və memarlığı» şöbəsinin yaradılması haqqında qərar qəbul olunur.

Müstəqillik illərində İnstitutun beynəlxalq fəaliyyəti güclənir. Son iyirmi ildə burada  «Yaxın və Orta Şərq memarlığı və incəsənəti» (1992), «Böyük İpək yolu: Avrasiya mədəniyyətləri dialoqu» (2002),  «Azərbaycan xalçası və xalq tətbiqi sənəti» (2003), «İnformasiya mədəniyyəti problemləri» (2004), «Avrasiya informasiya mədəniyyəti» (2009), «Fəlsəfə və sənətşünaslıq: fənlərarası qarşılıqlı əlaqələrinin metodologiyası» (2010), «Tarixi-mədəni irsin qorunması və təbliği problemləri» (2010) beynəlxalq elmi konfransları keçirilmişdir.

Eyni zamanda İnstitutun əməkdaşları Türkiyə, Özbəkistan, Rusiya, İtaliya, Macarıstan, İspaniya, Fransa, Böyük Britaniya, İsveçrə, Tunis, İordaniya və İranda keçirilən elmi və yaradıcılıq forumlarda  iştirak etmişlər.

Hələ 1979-cu ildə Memarlıq və İncəsənət İnstitutunun gənc alimlərinin ilk konfransı keçirilmiş və onun materialları nəşr olunmuşdur. Vaxt keçdikcə konfrans İnstitutun hüdudlarını aşmış, respublika miqyasını almışdır. Onun materialları isə əvvəllər illik, sonralar rüblük çıxan dövrü jurnalına çevrilmişdir. 1994-cü ildən etibarən «İncəsənət və mədəniyyətin problemləri» adı ilə çıxan jurnal AAK tərəfindən tövsiyə edilmiş nəşrlərin siyahısına daxil edilmişdir. Hal-hazırda  «İncəsənət və mədəniyyətin problemləri» jurnalı beynəlxalq statusuna malikdir, onun redaksiya heyətinin 6 ölkəni təmsil edən nüfuzlu alimlər üzvüdür, jurnalın səhifələrində isə Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Macarıstan, Rusiya, Ukrayna, Misir və İrandan olan müəlliflərin araşdırmaları dərc olunur.

Ənənəvi olaraq, İnstitut MDB ölkələri elmi mərkəzləri ilə fəal əməkdaşlıq edir. Müstəqillik illərində bu əməkdaşlıq beynəlxalq hüquqi normalara əsasən qurulur. Hal-hazırda İnstitutun Rusiya Dövlət Sənətşünaslıq İnstitutu və Özbəkistan Rəssamlıq Akademiyası ilə beynəlxalq elmi əməkdaşlıq haqqında müqavilələr mövcuddür.

Elmi tədqiqatların yeni qəbul edilmiş öncül istiqamətlərinə uyğun olaraq türksoylu dövlətlərlə elmi əməkdaşlıq ön plana çıxmışdır. Türk dünyası incəsənət və mədəniyyətin tədqiqi sahəsində kollektiv tərəfindən kompleks işlər görülür. İnstitutun təşəbbüsü ilə 2010-cu ilin may ayının 25-də Bakıda «Türkoloji Sənətşünaslıq üzrə Beynəlxalq Problem Şurası» yaradılmışdır. TSBPŞ-nın tərkibinə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan nümayəndələri daxil olmuşdur. TSBPŞ-nın birinci iclası keçirilmiş, onun Nizamnaməsi qəbul olunmuşdur. Nizamnamədə qeyd olunduğu kimi, TSBPŞ-sı öz məqsədini o cümlədən ümumtürk incəsənətinin tarixini yaratmaqda görür. TSBPŞ-sı fəaliyyətinin ilk məhsulu 2010-cu ildə Bakıda «Tenqri və damğa: Türk dünyasının varisləri» adlı məqalələr toplusunun nəşri olmuşdur. Hal-hazırda isə Daşkənddə «Türk mədəniyyətinin rəmzləri» adlı TSBPŞ-nın ikinci məqalələr toplusu nəşrə hazırlanır.

Son illərdə beynəlxalq fəaliyyəti çərçivəsində aparılan mühüm istiqamətlərdən biri YUNESKO xətti ilə görülən işlərdir. 2000-ci ildən etibarən İnstitutun əməkdaşlarının bilavasitə iştirakı ilə Azərbaycanın bir sıra tarix və mədəniyyət abidələri YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir. Bu siyahıda ilk Azərbaycan abidəsi İçəri Şəhər tarixi-memarlıq qoruğu olmuşdur. Sonra isə Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan qeyri-maddi irsin Reprezentativ siyahıya təqdim olunması prosesi başlamışdır. Beləliklə 2000-2010-cu illərdə sözügedən siyahıya muğam, aşıq və xalça sənətləri daxil edilmiş, hal-hazırda isə şəbəkə sənətinin  Reprezentativ siyahıya təqdim olunması üzrə hazırlıq işləri görülür.

Sənətşünaslıq paradiqmasının yeniləşməsinin ən vacib göstəricilərdən biri incəsənət sahəsində aparılan tədqiqatların öncül istiqamətlərin təyin edilməsi olmuşdur. Bu məsələlərin müzakirələrinə həsr edilmiş seminar, konfrans, Elmi Şuralarda fəal iştirak etmiş İnstitutun əməkdaşlarını, demək olar ki, hamısını  sənətşünaslıq elminin yeni horizontlarının axtarış prosesinə cəlb etmişdir. Nəticədə «Azərbaycan sənətşünaslığının öncül istiqamətləri» (1998) kollektiv əsəri nəşr olunmuş və «2001-2005-ci illər üçün memarlıq və incəsənət sahəsində elmi-tədqiqat işlərinin əsas istiqamətləri və 2010-cu ilə qədərki sənətşünaslığının inkişaf konsepsiyası» adlı fundamental elmi sənəd qəbul olunmuşdur.

Məlum olduğu kimi, 2008-ci ilin aprel ayının 10-da Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında» Sərəncamı qüvvəyə minmişdi. Bunun əsasında 2009-2015-ci illər ərzində ölkədə elmin inkişafının Milli Strategiya və bu strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı yaradılmışdır. Bütün elm sahələrində gedən islahatlar prosesinə uyğun olaraq,  AMEA Memarlıq və İncəsənət İnstitutunda «2009-2015-ci illərdə görüləcək elmi-tədqiqat işlərinin Proqramı», eləcə də bu dövrə aid konsepsiya və fəaliyyət planı qəbul edilmişdir.

Müəyyən edilmiş öncül istiqamətlərə müvafiq olaraq nəzərdə tutulur:

Azərbaycan incəsənətinin ümumi tarixinin yaradılması üzrə işi davam etdirmək, qədim dövrünün bədii mədəniyyətimizin inkişafındakı ağ ləkələri doldurmaq, XIX-XX əsr ölkə incəsənət tarixinin hadisə və faktlarını yenidən mənalandırmaq;

Sənətşünaslığın nəzəri-metodoloji, terminoloji və yeni elmi paradiqmanın anlayiş-məlumat apparatının işlənməsi, sənətşünaslıq elminin fəlsəfə, estetika, kulturologiya, sosiologiya və digər humanitar fənnlərlə qarşılıqlı əlaqəsini müəyyənləşdirmək, ölkəmizin incəsənət fəlsəfəsinin elmi əsasını yaratmaq;

Bundan sonrakı maddi və qeyri-maddi irsin qorunmasının elmi əsasını təkmilləşdirmək, milli mədəniyyət irsinin eyniləşdirilməsinin dəqiq sistemini işləmək;

Türkoloji sənətşünaslıq sahəsində tədqiqatların başlıca inkişafının, türk etnik mədəniyyət dünyasının incəsənətində eyniləşdirilmənin, məlumatın, innovasiyanın və təfsirin kompleks öyrənilmə problemini nəzərdə tutan «5 İ Proqram»ın həlli. Azərbaycan incəsənətinin türk xalqlarının mədəniyyət irsində rolunu və yerini müəyyənləşdirmək;

Azərbaycan incəsənətinin öyrənilməsində dəqiq metodların tətbiqi, «Azərbaycan incəsənəti rəqəmlərdə» proqramının işlənməsi və həyata keçirilməsi, ölkəmizin bədii irsini informasiya cəmiyyəti dilinin məna təbəqəsinə tərcümə etmək, Azərbaycan incəsənət tarixi üzrə klassik əsərlərin İnternet versiyalarını hazırlamaq.

Zamanla ayağlaşmağa çalışan sənətşünas-alimlərimiz son illərdə cəmiyyəti düşündürən aktual problemlərinə həsr edilmiş bir sıra kollektiv tədqiqatlar hazırlamışlar. Bunlardan «Heydər Əliyev və Azərbaycan incəsənəti» (1998), «Azərbaycan incəsənətinin Avropa mədəniyyəti ilə qarşılıqlı əlaqələri» (1999), «Ənənə və bədii forma» (2003), «İçəri Şəhərin qorunması və inkişaf problemləri» (2004), «İnformasiya mədəniyyəti problemləri» (2004), «Qarabağ – irsimizin əbədi yaddaşı» (2008)  xüsusilə qeyd olunmalıdır.

AMEA Memarlıq və İncəsənət İnstitutunun sahədə aparıcı rolu təbii olaraq onun həm də sənətşünaslıq elmində əlaqələndirici funksiyasını təmin edir. Başqa sahələrdə olduğu kimi, burada respublikada elmi tədqiqatların təşkili və əlaqələndirilməsi məqsədilə Memarlıq və İncəsənət üzrə Problem Şurası fəaliyyət göstərir. İnstitutunun aparıcı mütəxəssislərlə yanaşı Şuranın tərkibinə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyasının nümayəndələri daxildir.

İnstitutun aparıcı sənətşünas-alimləri Azərbaycan incəsənətinin qədim zamandan müasir dövrə qədərki inkişaf tarixini və problematikasını əhatə edən onlarla monoqrafiya, yüzlərlə kitab və məqalələr çap etdiriblər. Tədqiqatçılarımızın əsərlərində Azərbaycan millətinə məxsus estetik dünyagörüşünün formalaşmasının bədii ənənələrindən, Azərbaycan incəsənətinin qonşu ölkələrin mədəniyyətləri ilə qarşılıqlı əlaqəsindən, xalqımızın dünya mədəniyyət xəzinəsinə verdiyi yaradıcılıq töhfələrindən bəhs olunur.

Ərtegin Salamzadə,

sənətşünaslıq doktoru, professor

 İnstitutun direktorları

 Üzeyir Hacıbəyli 1885-ci ilin 18 sentyabrında Qarabağın  Ağcabədi kəndində anadan olmuş və 1948-ci ilin 23 noyabrında Bakıda  vəfat etmişdir. Bəstəkar Üzeyir Hacıbəyli Müasir Azərbaycan musiqişünaslığının, həm də Azərbaycan milli harmoniya və polifoniyasının da əsasını qoymuşdur.  daha ətraflı 
 Mikayıl Ələsgər oğlu Hüseynov 19.04.1905-ci ildə Bakı şəhərində anadan olmuş və 1992-ci ildə burada vəfat etmişdir. O, 1929-cu ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisası – memar. Professor (1942),  memarlıq doktoru (1950) M.Ə.Hüseynov 1945-ci ildə birbaşa AMEA-nın həqiqi üzvü seçilmişdir.  daha ətraflı 
Fətullayev-Fiqarov Şamil Seyfulla oğlu 1928-ci ildə Bakıda anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1963-cü ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyasını müdafiə edib.1989-cu ildə AMEA-nın muxbir üzvü seçilmişdir. S- Peterburq, Tehran, Ankara və Bakıda çap olunmuş 8 monoqrafiyanın və 100 dən cox elmi məqalənin müəllifidir.  daha ətraflı 
 
Kərim Cabbar oğlu Kərimov 20 sentyabr 1921-ci ildə Naxçıvan şəhərində anadan olmuş və 25 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir. Müxbir üzv K.Kərimov Azərbaycan milli sənətşünaslıq məktəbinin banilərindən biridir.  daha ətraflı 
 Rasim Səməd oğlu Əfəndiyev 30 oktyabr 1928-ci ildə Qazax şəhərində anadan olmuş və 13 fevral 2010-cu il tarixdə Bakıda vəfat etmişdir. Akademik R.Əfəndiyev 1950-ci ildən Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almağa başlamış, 1955-ci ildə Sankt-Peterburqda Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirmiş, 1961-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdır.  daha ətraflı 


25 October 2011

2010-cu ilin 27 sentyabrında Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı imzaladığı sənədə görə Özbəkistanın Rəssamlıq Akademiyası ilə Azərbaycanın Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu